21
SEP

21 sentyabr 2026-cı il tarixində Almatı şəhərində Mərkəzi Asiyanın mikromaliyyə sektorunun aparıcı nümayəndələrini bir araya gətirən Mərkəzi Asiya Mikromaliyyə Forumu 2026 keçirilib.

Qazaxıstan Mikromaliyyə Təşkilatları Assosiasiyası (AMFOK) və Mərkəzi Asiya ölkələrinin mikromaliyyə təşkilatları assosiasiyalarının Koordinasiya Şurasının təşkilatçılığı ilə keçirilən forum “Mərkəzi Asiyada mikromaliyyənin gələcəyi” mövzusuQazaxıstanın na həsr olunub.

Forumda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər ölkələrdən təxminən 500 iştirakçı – mikromaliyyə təşkilatları və bankların rəhbərləri, dövlət və tənzimləyici qurumların, beynəlxalq maliyyə institutlarının, investorların, fintech şirkətlərinin, kredit bürolarının və sektor assosiasiyalarının nümayəndələri iştirak edib.

Tədbir çərçivəsində mikromaliyyə sektorunda tənzimləmə, məsuliyyətli maliyyələşdirmə, istehlakçıların hüquqlarının qorunması, rəqəmsallaşma və süni intellekt, investisiya və maliyyələşmə imkanları, eləcə də maliyyə fırıldaqları ilə mübarizə kimi aktual məsələlər müzakirə olunub.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İcraçı Direktoru Jalə Hacıyeva forumda “Mərkəzi Asiyada etik və məsuliyyətli maliyyələşdirmə” mövzusunda keçirilən sessiyada spiker qismində iştirak edib. Sessiyada məsuliyyətli və etik maliyyələşdirmə prinsipləri, maliyyə xidmətlərinin inkişafında müştəri maraqlarının nəzərə alınması və sektorda dayanıqlı yanaşmaların əhəmiyyəti ilə bağlı məsələlər diqqət mərkəzində olub. 

Forumun əsas nəticələrindən biri Mərkəzi Asiya ölkələrinin mikromaliyyə assosiasiyaları tərəfindən Almatı Bəyannaməsinin qəbul edilməsi olub. Sənəddə məsuliyyətli kreditləşmə, istehlakçıların hüquqlarının və maliyyə savadlılığının gücləndirilməsi, maliyyə fırıldaqlarına qarşı mübarizə, rəqəmsal transformasiyanın məsuliyyətli şəkildə həyata keçirilməsi, tənzimləyici qurumlarla sektor arasında dialoqun inkişaf etdirilməsi və regional əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.