23
SEP

23 sentyabr 2026-cı il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Kredit Bürosunun (AKB) birgə təşkilatçılığı ilə bank olmayan kredit təşkilatları (BOKT) üçün onlayn təqdimat görüşü keçirilib. Tədbir "AKB-Hub" platformasının təqdim etdiyi yeni imkanlar, eləcə də skorinq və mikro skor xidmətlərinin tətbiqi və üstünlüklərinə həsr olunub.

Tədbirdə sektor üzrə fəaliyyət göstərən BOKT-ların ümumilikdə 67 nümayəndəsi iştirak edib. Təqdimat zamanı iştirakçılara müasir skorinq alətlərinin və "AKB-Hub" sisteminin maliyyə institutları üçün yaratdığı praktiki imkanlar və üstünlüklər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, "AKB-Hub" Azərbaycan Kredit Bürosu tərəfindən Büronun mərkəzi infrastrukturunu tamamilə yeni və təkmil səviyyəyə qaldırmaq məqsədilə yaradılmış rəqəmsal ekosistem və mərkəzi idarəetmə sistemidir. Platforma maliyyə bazarı iştirakçıları — banklar, BOKT-lər, lizinq və sığorta şirkətləri üçün məlumat mübadiləsini əhəmiyyətli dərəcədə sürətləndirir, kredit risklərinin minimuma endirilməsinə və qərarvermə proseslərinin rəqəmsallaşdırılmasına geniş şərait yaradır.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, təklif olunan rəqəmsal həllərin mikro-maliyyə sektorunda risklərin idarə olunmasındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.