BMT Qadın Qurumunun (UN Women) Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətləndirilməsi (WEESC) III Fazası proqramının müstəqil yekun qiymətləndirilməsi çərçivəsində Azərbaycanda “Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri”ni (WEPs) imzalayan şirkətlərin nümayəndələri ilə onlayn fokus qrup müzakirəsi keçirilib.
3 sentyabr tarixində keçirilən görüşdə maliyyə sektoru şirkətlərinin, o cümlədən müvafiq regional birja iştirakçılarının nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva və Sevinc Rüstəmova da iştirak ediblər.
Fokus qrup müzakirəsinin əsas məqsədi Azərbaycanda WEPs-in tətbiqi və özəl sektorun prosesə cəlb olunması istiqamətində əldə edilmiş nəticələrin daha ətraflı təhlil edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə vermək olub.
Görüş zamanı aşağıdakı əsas məsələlər ətrafında fikir mübadiləsi aparılıb:
WEPs fəaliyyətinin inkişafı
- Azərbaycanda qadınların səlahiyyətləndirilməsi prinsiplərinin tətbiqinin mövcud vəziyyəti və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər;
- Faydalı dəstək formaları: layihə çərçivəsində şirkətlərə təqdim olunan təlim, resurs və məsləhət xidmətlərinin effektivliyi və faydalılığı;
- İnkişafa təsir edən amillər: qadınların iqtisadi cəhətdən səlahiyyətləndirilməsinə töhfə verən uğurlu yanaşmalar, eləcə də bu proses zamanı qarşıya çıxan əsas maneələr.
Müzakirədə maliyyə və birja sektoru nümayəndələrinin səsləndirdiyi fikir və təkliflər qadınların iqtisadi səlahiyyətləndirilməsinin dəstəklənməsi, özəl sektorda gender bərabərliyinin təşviqi və WEPs-in gələcək fəaliyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Fokus qrup müzakirəsinin nəticələri proqramın gələcək strategiyasının formalaşdırılması və Azərbaycanda özəl sektorun gender bərabərliyi istiqamətində fəaliyyətinin daha da gücləndirilməsi üçün mühüm zəmin yaradıb.
