1 iyul 2026-cı il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Aqrar Sığorta Fondu (ASF) tərəfindən Aqrar Sığorta Sistemi ilə mikromaliyyə institutları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə həsr olunmuş onlayn görüş keçirilib.
Görüşdə ümumilikdə 30 nümayəndə iştirak edib. Onlardan 16-sı AMFA-nın üzvü olan bank olmayan kredit təşkilatlarını (BOKT) təmsil edib. İnteraktiv müzakirələr formatında keçirilən görüş zamanı iştirakçıların sualları cavablandırılıb, həmçinin Aqrar Sığorta Fondu ilə mikromaliyyə institutları arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Aqrar Sığorta Fondu ilə əməkdaşlığın kənd təsərrüfatının maliyyələşdirilməsində mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, ASF hazırda üç əsas istiqamət üzrə fəaliyyət göstərir: bitkiçilik, heyvandarlıq və balıqçılıq.
Görüşdə bildirilib ki, fəaliyyətə başlanılan dövrdə sığortalanan bitki növlərinin sayı 14 olduğu halda, hazırda bu göstərici 41-ə çatıb. Yaxın dövrdə sığortalanan bitki növlərinin sayının 60-a çatdırılması planlaşdırılır. Sığortalanan bitkilərin əhəmiyyətli hissəsini taxıl bitkiləri təşkil edir. Eyni zamanda, aqrar sığortaya marağın və sığortalanan fermerlərin sayının ildən-ilə artdığı qeyd olunub.
Tədbir çərçivəsində AMFA üzvü olan BOKT “FINCA” MMC QBKT-nin 2024-cü ildən etibarən Aqrar Sığorta Fondu ilə aktiv əməkdaşlıq etdiyi nümunə kimi diqqətə çatdırılıb.
Məlumat verilib ki, Aqrar Sığorta Fondu maliyyə institutları üçün iki əsas məhsul təqdim edir: aqrar sığorta ilə əlaqələndirilmiş biznes krediti və sığorta premiyası krediti.
Görüş zamanı ASF-nin sığorta hadisələri üzrə zərərlərin qiymətləndirilməsi mexanizmi barədə də məlumat verilib. Bildirilib ki, sığorta hadisələrinin operativ və obyektiv qiymətləndirilməsi məqsədilə Fond ekspert şəbəkəsini davamlı olaraq genişləndirir. Sığorta hadisəsi baş verdikdə zərərin qiymətləndirilməsi müstəqil ekspertlər tərəfindən həyata keçirilir və ekspert xidmətlərinin haqqı təsərrüfat sahibi tərəfindən deyil, Aqrar Sığorta Fondu tərəfindən ödənilir.
Görüşün sonunda mikromaliyyə institutları ilə Aqrar Sığorta Fondu arasında əməkdaşlığın daha da gücləndirilməsi və mövcud imkanların genişləndirilməsi məqsədilə 2026-cı ilin sentyabr ayında tərəflərin iştirakı ilə əyani görüşün keçirilməsi təklif olunub.
