28
JUL

28 iyul 2026-cı il tarixində AzFina və AMFA üzvləri arasında rəqəmsal mikromaliyyə həllərinin təşviqi mövzusunda görüş keçirilib.

Tədbirdə ümumilikdə 38 nümayəndə iştirak edib. O cümlədən 18 BOKT iştirak edib. Görüş çərçivəsində iştirakçıların sualları cavablandırılıb, eyni zamanda sektor üçün aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrin əsas mövzularından biri "Pay In – Pay Out" xidmətlərinin tətbiqi və bu xidmətlərlə bağlı BOKT-lar üçün müəyyən edilmiş yeni prudensial tələblər olub. Bununla yanaşı, ödəniş terminallarına qoşulmayan BOKT-ların mövcud vəziyyəti müzakirə edilib. Qeyd olunub ki, bəzi hallarda terminallardan istifadə böyük məbləğli əməliyyatlar üçün sərfəli hesab edilmir. Həmçinin texniki çətinliklər və komissiya xərcləri də terminallardan istifadənin məhdud qalmasına təsir göstərən əsas amillər sırasında göstərilib.

Görüş zamanı terminallar vasitəsilə təqdim olunan xidmətlərin genişləndirilməsi, fintex şirkətləri ilə əməkdaşlıq imkanları, QR kod vasitəsilə kredit xidmətlərinin təşkili və mobil tətbiqlərin inkişaf perspektivləri də müzakirə olunub. Bu çərçivədə qeyd edilib ki, BOKT-lar mobil tətbiqlərin hazırlanması və inkişaf etdirilməsi prosesində fintex şirkətlərinin təcrübə və texnoloji həllərindən faydalana, bu istiqamətdə onlardan dəstək ala bilərlər.

Müzakirələr zamanı iştirakçılar tərəfindən bir sıra təkliflər də səsləndirilib. Qeyd olunub ki, hər bir BOKT-nin ayrı-ayrılıqda yüksək xərc çəkməsinin qarşısını almaq məqsədilə bir neçə BOKT üçün ortaq rəqəmsal kredit platformasının və ya ümumi texnoloji infrastrukturun yaradılması məqsədəuyğun ola bilər. Bununla yanaşı, sektorun inkişafının sürətləndirilməsi və mövcud problemlərin operativ həlli məqsədilə işçi qrupları arasında müntəzəm görüşlərin təşkilinin vacibliyi vurğulanıb.

Tədbirdə ümumilikdə 38 nümayəndə iştirak edib.