Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “Azərbaycanda Mikromaliyyənin Gələcəyi: Çətinliklər və İmkanlar” adlı ənənəvi 5-ci İnvestorlar Yarmarkasını təşkil etmişdir. Yarmarkanın məqsədi mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlar/donorlar və xidmət təminatçıları arasında əlaqələrin və bugünkü rəqabətli və çətin dövrdə bazarda yeni imkanların axtarılması və ən vacibi, investorlar və üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarının yaradılmasına xidmət etmək.
Tədbiri dəstəkləyən Platinium Partnyoru PAŞA Bank, Gümüşü Partnyoru Beynəlxalq Maliyyə Korporasiyası və Creditİnfo təşkilatları olmuşdur. Bu dəfəki tədbirdə KFW, SoftwareGroup, EFSE/Finance in Motion, İslam İnkişaf Bankı, ResponsAbility, Asiya İnkişaf Bankı, Oikokredit, Avropa və Yenidənqurma İnkişaf Bankı, Grameen Credit Agricole, MİX, ASPEKT, BFC Consalting kimi investor və xidmət şirkətləri iştirak edirdi. Yarmarka Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru Jalə Hacıyeva tərəfindən giriş nitqi ilə açılmış, ardınca isə AMFA İdarə Heyətinin Sədri Süleyman Kələşovun, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Sədri Cənab Ziyad Səmədzadənin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcarçı Direktoru Cənab Vüsal Qasımlının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Cənab Məmməd Musayevin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktorunun Müavini və Strateji Xidmətlər Departamentinin Direktor Müavini Cənab Asim Zülfüqarov ölkədə maliyyə sektorunun hazırkı vəziyyəti, inkişafı və çətinlikləri barəsində xülasə ilə davam etmişdir.
Konfrans zamanı AMFA ənənəvi olaraq İlin Peşəkarı və İlin üzvü nominasıyasında üzvlərini mükafatlandırdı. BOKT “TBC Kredit” MMC il ərzində AMFA-nın fəaliyyətinə yaxından dəstək verdiyi üçün “İlin Üzv Təşkilatı nominasiyası və PAŞA Bank ASC-nin Baş Kommersiya İnzibatçısı, AMFA İdarə Heyətinin Üzvü Melih Mengü AMFA-nın inkişaf strategiyası üzrə birbaşa fəaliyyətlərinə davamlı dəstəyi üçün “İlin Peşəkarı” nominasıyası ilə mükafatlandırılmışdır. Eləcə də Samir Cəfərli mikromaliyyə karyerası boyunca göstərdiyi xidmətlərə görə Xüsusi Mükafatla təltif olunmuşdur.
Yarmarkanın ikinci sessiyasında “İnkişaf etməkdə olan Maliyyə Texnologiyaları dövrü: Təhlükə yoxsa fürsət” sessiyasında müştərilərə yeni imkanların yaradılması və onların əməliyyatlara adaptasiyası; çevik və məsuliyyətli bank olmayan kredit təşkilatları və maliyyə texnologiyaları təqdim edən (FİNTEK) şirkətlər üçün əlverişli vaxt deyilmi?; innovasiya mədəniyyətinin yaradılması; maliyyə bazarında baş verən dəyişikliklər dövründə uğurları yenidən müəyyən etməklə gələcək mövqeyin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi ilə yekunlaşmışdır.