Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “Məsuliyyətli Mikromaliyyəyə Aparan Yol” adlı İnvestorlar Yarmarkası təşkil etmişdir. Yarmarkanın məqsədi üzvlər – mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlar / donorlar və xidmət təminatçıları arasında əlaqənin yaradılması və bugünkü rəqabətli bazarda məsuliyyətli maliyyələşmə istiqamətində qabaqcıl təcrübə və yanaşmaların paylaşılması və ən vacibi, investorlar və üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlığın yaradılmasıdır.
Bu tədbir Accessbank və “Bank of Baku”-nun Qızılı partnyorluğu, FINCA Azerbaijan, Brand Credit, AzMikroInvest, KredAqro, Software Group və Asiya İnkişaf Bankının Gümüşü partnyorluğu ilə, Triple Jump, Symbiotics, Finance-in-motion, OikoCredit, Grameen Credit Agricole, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, CGAP, PAŞA Bank kimi investorlar və o cümlədən, Software Group, MicroFinanzaRating, Planet Rating və SMART Campaign/ACCION kimi xidmət təminatçıları ilə yeni əməkdaşlıq rüşeymlərinin qoyulması üçün təməl görüşünə çevrildi.
Konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru Jalə xanım Hacıyeva tərəfindən giriş nitqi ilə açılmış, ardınca AMFA İdarə Heyətinin sədri Süleyman Kələşovun, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin, Azərbaycan Sahibkarlar Konfederasiyanın Sədri Məmməd Musayevin, Mərkəzi Bankın Baş Direktoru Rəşad Orucovun, Beynəlxalq Maliyyə Korporasiyasının Ölkə üzrə Direktoru Aliyə Əzimovanın təqdimatında ölkədə maliyyə sektorunun hazırkı vəziyyəti və gələcək inkişaf planları barəsində xülasəsi ilə davam etmişdir. İnvestorlar Yarmarkası maliyyə qurumları üçün digər partnyor təşkilatlar ilə ünsiyyətdə olmaq, ideya və təcrübələrini bölüşmək, potensial biznes əlaqələri yaratmaq, yeni ideyaları üçün maliyyələşmə təməlləri axtarmaq məqsədilə əvəzsiz imkan təqdim edən bir tədbir olmuşdur.
Yarmarkanın ilk hissəsi ”İnnovativ Məhsullar və Bazar Tədqiqatı”na həsr edilmiş iki plenar sessiyadan təşkil olunmuş və burada müştərilər və potensial müştərilərin spesifik bazar seqmentində nəyə ehtiyacları olması müzakirə edilmişdir. Növbəti “Paralel borclanma və Arıtq borclanma” sessiyasında bazarda artan artıq borclanmanın qarşısının alınması üzrə yollar ətrafında müzakirələr aparılmışdır.
Konfrans zamanı ənənəvi olaraq AMFA tərəfindən üzv təşkilatların və nümayəndələrin qiymətləndirilməsi məqsədilə mükafatlandırma mərasimi keçirilmişdir. 2015-ci il üzrə “İlin üzvü” nominasyası üzrə PAŞA Bank ASC, “İlin peşəkarı” nominasyası üzrə AqrarKredit SKT-nin idarə heyətinin sədri cənab Məmməd Musayev və AccessBank QSC-nin Mikromkreditlər departamentinin direktor müavini cənab Elşən Pirmalıyev və “Gender bərabərliyini təşviq edən qabaqcıl təşkilat” nominasyası üzrə isə PAŞA Bank ASC, AMFA-nın xüsusi mükafatına layiq görülmüşdür.
Daha sonra İnvestorlar Yarmarkası investorlar və xidmət təminatçıları ilə maliyyə təşkilatlarının təkbətək masa müzakirələri ilə davam etmişdir. Bu sessiya BOKT, bank və lizinq təşkilatlarına daha çox təcrübə toplamaq, müasir kapital bazarındakı yeni imkanlar və texniki bacarıqların artırılması istiqamətində perspektivlərlə tanış olmaq üçün mühüm şərait yaratmış oldu.